Mədəniyyət və Turizm Nazirliyində Ukrayna mədəniyyət nazirinin müavini Timofey Koxan ilə görüş olmuşdur

 

AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyində Ukrayna mədəniyyət nazirinin müavini, Azərbaycanda Ukrayna Mədəniyyəti Günləri ilə əlaqədar ölkəmizdə səfərdə olan Timofey Koxan və onu müşayiət edən şəxslərlə görüş olmuşdur.

Mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq qeyd etmişdir ki, iki ölkə arasında bütün  sahələrdə əlaqələr uğurla inkişaf edir. Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin şəxsi dostluğu bu əlaqələrin yüksək səviyyədə inkişafına kömək edir.

Ə.Qarayev vurğulamışdır ki, mədəniyyət günləri iki ölkənin qarşılıqlı münasibətlərində ən əlamətdar hadisədir və bu tədbir hər il keçirilməlidir.

Ukrayna mədəniyyət nazirinin müavini Timofey Koxan öz rəhbərlərinin Azərbaycan xalqına ən xoş arzularını çatdırmış və qeyd etmişdir ki, Ukrayna Mədəniyyət Günlərinin açılışı yüksək səviyyədə keçmişdir. Azərbaycan tamaşaçıları ukraynalı artistlərin çıxışlarını böyük rəğbətlə qarşılamışlar. "Kəhrəba mozaikalar" sərgisi böyük uğur qazanmışdır. Bu sərgidəki "Nar ağacı" və "Buta ağacı" eksponatları ukraynalı ustalar tərəfindən Şəki Xan Sarayı naxışlarının motivləri əsasında yaradılmışdır.

T.Koxan Kiyevdə nəşr edilən "Narodnıye deputatı" jurnalının son nömrələrindən birini Ə.Qarayevə təqdim etmişdir. Jurnalın üz qabığında Azərbaycan Prezidenti İlham Əliyevin fotoşəkli, nəşrin içərisində isə onunla müsahibə dərc edilmişdir.

Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmiş, bir-birinə xatirə hədiyyələri bağışlamışlar.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko görüşdə iştirak etmişdir.

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 9.